BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran və Oman Hörmüz boğazında gəmi hərəkətinin yeni qaydalarını müəyyən edəcək razılaşmanın yekunlaşdırılmasına yaxınlaşıblar. Razılaşmanın həyata keçirilməsi Tehrana Fars körfəzinə daxil olan gəmilər üzərində daha geniş nəzarət imkanı verə bilər.
TurkicWorld xəbər verir ki, tərəflər arasında əldə olunacaq anlaşma ABŞ–İran qarşıdurmasının diplomatik yolla həllinə töhfə verə və Hörmüz boğazında yeni naviqasiya modelinin tətbiqinə şərait yarada bilər.
Hazırda boğazdan keçən gəmilər üçün rüsumların tətbiqi ilə bağlı yekun qərar verilməyib. Dünyanın səkkiz aparıcı gəmiçilik təşkilatı isə BMT və Beynəlxalq Dəniz Təşkilatına müraciət edərək belə ödənişlərin tətbiqinə qarşı çıxıb.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazının yenidən tam açılması üçün ABŞ iyunun ortalarında imzalanmış Anlaşma Memorandumu üzrə öhdəliklərini yerinə yetirməlidir. Onun sözlərinə görə, bu, vacib şərt olsa da, təkbaşına kifayət etmir.
Qəribabadi əlavə edib ki, İran ABŞ-dən memorandum çərçivəsində öhdəliklərinə tam qayıtmağa hazır olduğunu bildirən mesajlar alıb.
İranlı diplomatın sözlərinə görə, hazırlanmaqda olan yeni modelə əsasən, kommersiya gəmiləri həm giriş, həm də çıxış istiqamətində əsasən İranın ərazi sularından keçəcəklər. O vurğulayıb ki, Omanla aparılan danışıqlarda prinsipial razılaşmalar əldə olunub və proses yekun mərhələyə daxil olub.







