BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Sani İordaniyanın paytaxtı Əmmanda Misirin xarici işlər naziri Bədr Abdelati ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Qətər və Misir arasında ikitərəfli münasibətlər, regiondakı son hadisələr və artan gərginliyə qarşı ərəb ölkələrinin diplomatik səyləri müzakirə olunub.
Görüş İordaniyanın paytaxtında İordaniya, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Tunis, Pakistan və İraqın xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.
Şeyx Məhəmməd dialoq və diplomatiyanın vacibliyini vurğulayaraq, ABŞ–İran arasında imzalanmış Anlaşma Memorandumunun icrasına, o cümlədən Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə çağırış edib.
Qətərin Baş naziri həmçinin regionda gərginliyin azaldılması və təhlükəsizliklə sabitliyin möhkəmləndirilməsi məqsədilə hərtərəfli razılaşmanın əldə olunmasına yönəlmiş bütün səyləri Dohanın dəstəklədiyini bir daha bəyan edib.







