Son dəqiqə

İtaliya Avropa hava şəraiti Səhiyyə İstilik dalğası Qırmızı xəbərdarlıq

İtaliyanın bütün iri şəhərlərində ən yüksək istilik xəbərdarlığı elan edilib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İtaliya hökuməti yay mövsümünün dördüncü istilik dalğasının güclənməsi fonunda ölkənin 27 iri şəhərinin hamısında ən yüksək – qırmızı səviyyəli istilik xəbərdarlığı elan edib.

TurkicWorld xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı və çərşənbə günləri 25 şəhərdə qırmızı xəbərdarlıq qüvvədə olub. Daha əvvəl narıncı xəbərdarlıq altında olan cənubdakı Messina və Recco Kalabriya şəhərlərində də cümə axşamından etibarən ən yüksək xəbərdarlıq səviyyəsi tətbiq ediləcək.

Qırmızı xəbərdarlıq uzunmüddətli yüksək temperaturun bütün əhali, o cümlədən gənc və sağlam insanlar üçün ciddi sağlamlıq riski yaratdığı hallarda elan olunur.

Yerli hakimiyyət orqanları sakinlərə günün ən isti saatları – 11:00-dan 18:00-dək birbaşa günəş şüaları altında qalmamağı, mümkün qədər qapalı məkanlarda olmağı və bol maye qəbul etməyi tövsiyə edib.

Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu, cari ildə ilk dəfədir ki, ölkənin bütün 27 iri şəhərində eyni vaxtda qırmızı istilik xəbərdarlığı elan olunur. Bunun əvvəlki illərdə baş verib-vermədiyi ilə bağlı isə dəqiq məlumat verilməyib.

Mövzuya görə xəbərlər