BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraq Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzani Suriyaya səfəri çərçivəsində Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şəra ilə görüş keçirib.
TurkicWorld xəbər verir ki, bu, Bərzaninin Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyaya ilk səfəridir.
Suriyanın rəsmi SANA agentliyinin məlumatına görə, görüş Dəməşqdəki Xalq Sarayında baş tutub. Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də iştirak edib.
Suriya Prezident Administrasiyasının yaydığı məlumata əsasən, tərəflər ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi yollarını, xüsusilə iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə həmçinin regiondakı son vəziyyət, qarşılıqlı maraq doğuran digər məsələlər, təhlükəsizlik sahəsində əməkdaşlıq və dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Neçirvan Bərzani və Əhməd əş-Şəra ilk dəfə 2025-ci il aprelin 11-də Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər. Onlar daha sonra 2026-cı il aprelin 17-də forumun beşinci buraxılışı zamanı yenidən bir araya gəliblər.







