Son dəqiqə

İsrail Livan Qəzza İsrail ordusu etiraz hərbi baza Negev

İsrail ordusunda daxili narazılıq döyüş hazırlığına təsir göstərib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusunun "Qivati" briqadasının "Tzabar" taborunda xidmət edən təxminən 100 hərbçi komandirlərlə yaşanan mübahisədən sonra Negev səhrasında yerləşən Sde Teyman hərbi bazasını tərk edib.

TurkicWorld xəbər verir ki, etirazın səbəbi tabor komandirinin bölmənin ənənələri ilə əlaqələndirilən simvolların götürülməsi barədə göstəriş verməsi olub. İsrail ordusunun sözçüsü bildirib ki, söhbət taborun köhnə və yeni hərbçiləri arasında formalaşmış ənənələrlə bağlı simvollardan gedir.

Məlumata görə, taborun hərbçiləri həmin simvolların Qəzza zolağı və Livanda döyüşlər zamanı onları müşayiət etdiyini, nəsildən-nəslə ötürüldüyünü və bölmənin kimliyini əks etdirdiyini bildiriblər.

İsrail mətbuatının yazdığına görə, etiraz edən hərbçilər şəxsi əşyalarını götürərək bazanı tərk edib, lakin silah və digər hərbi avadanlıqları bazada saxlayıblar.

Adı açıqlanmayan hərbi mənbəyə istinadən yayılan məlumatda bildirilir ki, baş verən hadisədən sonra taborun Qəzza zolağında planlaşdırılan döyüş tapşırıqlarında iştirak etməsi müvəqqəti olaraq mümkün hesab edilmir.

Hadisənin İsrail ordusu daxilində nizam-intizam və idarəetmə məsələləri ilə bağlı yeni müzakirələrə səbəb olduğu qeyd edilir.

Mövzuya görə xəbərlər