BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin müdafiə naziri İsrail Kats işğal altındakı İordan çayının qərb sahilində hərbi əməliyyatların miqyasının genişləndirilməsi barədə orduya göstəriş verib. Məlumata görə, orduya daha bir fələstinli qaçqın düşərgəsinin nəzarətə götürülməsinə hazırlıq tapşırılıb.
TurkicWorld xəbər verir ki, İsrail müdafiə nazirinin ofisinin yaydığı açıqlamada İsrail Katsın ordudan son illərdə Cenin, Tulkərm və Nur Şəms qaçqın düşərgələrində həyata keçirilən əməliyyatlara bənzər şəkildə daha bir fələstinli qaçqın düşərgəsinin nəzarətə götürülməsinə hazırlaşmağı tələb etdiyi bildirilib.
Açıqlamada hərbi əməliyyatın hansı qaçqın düşərgəsini əhatə edəcəyi və mümkün vaxtı barədə əlavə məlumat verilməyib.
İsrail son aylarda işğal altındakı İordan çayının qərb sahilində hərbi əməliyyatlarını genişləndirib. Fələstin tərəfi və beynəlxalq təşkilatlar bu əməliyyatların humanitar vəziyyəti ağırlaşdırdığını bildirirlər. İsrail isə əməliyyatların silahlı qruplara qarşı təhlükəsizlik məqsədilə həyata keçirildiyini bəyan edir.







