BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Dohada Misirin xarici işlər naziri Bədr Abdelatti ilə görüş keçirib. Tərəflər regional təhlükəsizlik, gərginliyin azaldılması və diplomatik koordinasiya məsələlərini müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, görüşdə regionda gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə iki ölkə arasında birgə koordinasiya məsələləri nəzərdən keçirilib.
Açıqlamaya əsasən, Qətər ABŞ və İranı dialoq və diplomatiya yoluna sadiq qalmağa, həmçinin iyun ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əldə olunan razılaşmaları həyata keçirməyə çağırıb.
Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani tərəflərin Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu məsələ regional təhlükəsizliyin və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə Yaxın Şərqdə mövcud vəziyyət və diplomatik səylərin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldığı da qeyd olunub.
ABŞ və İran tərəfi Qətərin çağırışına hələlik rəsmi münasibət bildirməyib.







