Son dəqiqə

Fələstin İsrail Benyamin Netanyahu İordan çayının qərb sahili hərbi əməliyyatlar İsrail Kats Tal kəndi

İsrail rəhbərliyi yeni hərbi tədbirlər paketini açıqlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Kats son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilində baş vermiş hadisələrdən sonra bölgədə hərbi əməliyyatların genişləndirilməsi barədə göstəriş verdiklərini açıqlayıblar.

TurkicWorld xəbər verir ki, Netanyahu və Katsın birgə bəyanatında İsrail ordusuna Tal kəndi yaxınlığında baş vermiş silahlı insidentdə şübhəli bilinən şəxsin evinin sökülməsi tapşırılıb. Bəyanatda həmçinin İsrailin "təhlükə mənbəyi" hesab etdiyi kəndlərdə daha intensiv hərbi əməliyyatların həyata keçiriləcəyi bildirilib.

Məlumata görə, Tal kəndi yaxınlığında baş vermiş atışma zamanı azı dörd fələstinli və bir israilli həlak olub. Hadisə israilli məskunlaşanların ordunun razılığı olmadan qadağan olunmuş əraziyə daxil olmasından sonra baş verib. İsrail ordusu bu addımı "təhlükəli" kimi qiymətləndirib.

İsrail Ordusunun Radiosunun yaydığı məlumata əsasən, hadisə ilə bağlı aparılan ilkin araşdırma atəş açılmasının əvvəlcədən planlaşdırılmadığı qənaətinə gəlib.

Bəyanatda bildirilib ki, İsrail təhlükəsizlik qüvvələri işğal altındakı İordan çayının qərb sahili boyunca əlavə hərbi qüvvələrlə gücləndiriləcək. Bununla yanaşı, nəqliyyat marşrutlarının ayrılması, yeni nəzarət-buraxılış məntəqələrinin yaradılması, silahların müsadirəsi və bəzi fələstinlilərin iş icazələrinin ləğvi kimi tədbirlərin görüləcəyi qeyd olunub.

Netanyahu və Kats həmçinin kənd təsərrüfatı məqsədli məskunlaşma məntəqələrinin leqallaşdırılması prosesinin sürətləndiriləcəyini və yeni məskunlaşma məntəqələrinin yaradılacağını açıqlayıblar.

Mövzuya görə xəbərlər