BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Qəzza zolağında davam etdirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı artmaqda davam edir.
TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, bölgədə həyatını itirənlərin ümumi sayı 73 min 305 nəfərə, yaralananların sayı isə 173 min 918 nəfərə çatıb.
Nazirliyin bildirdiyinə görə, son 24 saat ərzində İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində 12 nəfər həlak olub, daha 12 nəfər isə yaralanıb.
Məlumatda qeyd olunub ki, İsrail qüvvələri atəşkəs rejimini pozmaqda davam edir və Qəzza zolağında nəzarət etdiyi əraziləri daha da genişləndirir.
Bununla yanaşı, dağıntılar altında və yollar üzərində qalan çoxsaylı insanların taleyi hələ də naməlum olaraq qalır. Təcili tibbi yardım və mülki müdafiə qrupları təhlükəsizlik səbəbindən həmin ərazilərə daxil ola bilmədikləri üçün bir çox yaralı və həlak olan şəxsə vaxtında çatmaq mümkün olmur.
Bölgədə humanitar vəziyyətin ağır olaraq qaldığı, xilasetmə işlərinin isə ciddi çətinliklərlə davam etdiyi bildirilir.







