BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanları ilə bağlı həyata keçirilən əməliyyatlar çərçivəsində bir gəminin hərəkətsiz vəziyyətə salındığını, yeddi kommersiya gəmisinin isə başqa istiqamətə yönləndirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının sosial şəbəkədə yaydığı məlumata əsasən, iyulun 20-dək ABŞ hərbçiləri İran limanlarına daxil olmaq və ya həmin limanlardan çıxmaq istəyən yeddi kommersiya gəmisinin hərəkətini dəyişdirib, bir gəmini isə fəaliyyət göstərə bilməyəcək vəziyyətə gətirib.
CENTCOM bildirib ki, bu addımlar İran limanları ətrafında həyata keçirilən dəniz əməliyyatları çərçivəsində atılıb. Qurum əməliyyatların məqsədinin müəyyən edilmiş məhdudiyyətlərin icrasını təmin etmək olduğunu qeyd edib.
Hadisə Hörmüz boğazı və ətraf sularda gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir dövrə təsadüf edir. Bölgədə ABŞ və İran arasında davam edən qarşıdurma enerji daşımalarına və beynəlxalq dəniz ticarətinə təsir göstərir.
İran tərəfi isə ABŞ-ın dəniz əməliyyatlarını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirir və bölgədə gərginliyin artmasına səbəb olduğunu bildirir.







