BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ-la “tammiqyaslı müharibə” vəziyyətində olduğunu bildirib. O, İranın bu qarşıdurmanın nəticələrini qəbul etməli olduğunu və yaranmış vəziyyətə real yanaşmağın vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, İran Prezident Administrasiyasının yaydığı açıqlamaya əsasən, Pezeşkian ölkəsinin hazırda ABŞ-la genişmiqyaslı qarşıdurma içində olduğunu deyib. Onun sözlərinə görə, İran bu müqavimətin təbii nəticələri ilə üzləşməyə hazır olmalıdır.
İran prezidenti bildirib ki, ölkə mövcud vəziyyəti düzgün qiymətləndirməli və qarşıdakı proseslərə hazırlıqlı yanaşmalıdır. O, qarşıdurmanın yaratdığı çətinliklər fonunda milli həmrəyliyin və dayanıqlığın qorunmasının vacibliyini qeyd edib.
Pezeşkianın açıqlaması ABŞ və İran arasında bölgədə artan gərginlik fonunda səslənib. Tərəflər son dövrlərdə qarşılıqlı hərbi addımlar atmaqda və bir-birini bölgədə sabitliyi pozmaqda ittiham edirlər.
ABŞ tərəfi İran prezidentinin son açıqlaması ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.







