BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bölgədəki dəniz qüvvələrinə qarşı əməliyyatın “sıfır saatı”nın yaxınlaşdığını iddia edib.
TurkicWorld xəbər verir ki, İran dövlət televiziyasının yaydığı bəyanatda SEPAH Hərbi Dəniz Qüvvələri ABŞ qüvvələrinin hərəkətlərinin və hərbi texnikasının İran dəniz bölmələrinin nəzarəti altında olduğunu bildirib.
Bəyanatda qeyd olunub ki, “amerikalılar bölgə sularında CENTCOM-un dəniz qüvvələrinə qarşı İran Silahlı Qüvvələrinin əməliyyatının sıfır saatına hər an daha da yaxınlaşırlar”.
SEPAH bəyanatını “Gözləyin və görün” ifadəsi ilə yekunlaşdırıb.
İran tərəfi bəyanatda əməliyyatın vaxtı, yeri və ya mümkün hədəfləri barədə əlavə məlumat verməyib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə hələlik bu açıqlamaya rəsmi münasibət bildirməyib.
Bəyanatda səsləndirilən iddiaları müstəqil mənbələr təsdiqləməyib.







