BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran ABŞ-ni Çabahar limanında yerləşən dəniz hərəkətinə nəzarət qülləsini raket zərbələri ilə məhv etməkdə ittiham edib.
TurkicWorld xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyinin yaydığı açıqlamada bildirilir.
Məlumata görə, İran rəsmiləri ABŞ qüvvələrinin ölkənin Məkran sahilində yerləşən Çabahar limanındakı dəniz nəqliyyatına nəzarət qülləsinə üç raketlə zərbə endirdiyini iddia ediblər.
Açıqlamada sözügedən obyektin tamamilə mülki təyinatlı olduğu və balıqçıların dolanışığına, eləcə də bölgədə mülki gəmiçiliyin təhlükəsizliyinə xidmət etdiyi vurğulanıb.
İran tərəfi hücumu "ağır cinayət" kimi qiymətləndirərək bildirib ki, mülki infrastrukturun hədəfə alınması balıqçılıq fəaliyyətinə və dəniz nəqliyyatının təhlükəsizliyinə ciddi zərbə vurub.
Bəyanatda həmçinin ABŞ-nin həyati əhəmiyyət daşıyan infrastruktura hücumlarının Qərbin ikili standartlarını və Vaşinqtonun beynəlxalq öhdəliklərə münasibətini nümayiş etdirdiyi iddia olunub.
ABŞ tərəfi İranın bu iddialarına və Çabahar limanına zərbə endirilməsi barədə açıqlamasına hələlik rəsmi münasibət bildirməyib. Hadisə ilə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.







