BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin Hörmüzqan vilayətindən seçilmiş deputatı Əhməd Muradi ABŞ-nin son hücumlarını tənqid edərək onların mülki əhalinin həyatını nəzərə almadığını bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, deputat Bandar Xəmir şəhərində ABŞ-nin son zərbələri nəticəsində dağıldığı bildirilən körpülərə baxış keçirib.
Əhməd Muradi hücumlar zamanı mülki infrastrukturun hədəfə alınmasının qəbuledilməz olduğunu bildirib və körpülərin, eləcə də digər ictimai obyektlərin dağıdılmasını tənqid edib.
Onun sözlərinə görə, rabitə və nəqliyyat infrastrukturuna dəyən zərər bu hücumların mülki əhalinin həyatına məhəl qoyulmadan həyata keçirildiyini göstərir.
Deputat bu hücumların "cinayət xarakteri daşıdığını" iddia edərək bildirib ki, mülki obyektlərin dağıdılması beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə qiymətləndirilməlidir.
Muradi əlavə edib ki, İran Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini qətiyyətlə qorumağa davam edəcək və mümkün təcavüz aktlarına "uyğun zamanda" cavab veriləcəyini bildirib.
ABŞ tərəfi isə İran rəsmisinin bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.







