BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İsrailin ABŞ-də təsir kampaniyası apardığı barədə açıqlamaları Vaşinqton və Təl-Əviv arasında münasibətlərlə bağlı yeni müzakirələrə səbəb olub.
TurkicWorld xəbər verir ki, söhbət İsrail hökumətinin ABŞ-də, xüsusilə Prezident Donald Trampın tərəfdarları arasında ictimai rəyə təsir göstərməyə yönəlmiş rəsmi kampaniyasından gedir.
Müəllifin sözlərinə görə, bu kampaniyanın dəyərinin təxminən 730 milyon dollar olduğu və bunun 2025-ci illə müqayisədə beş dəfədən çox artdığı iddia edilir.
Təhlildə qeyd olunur ki, kampaniyanın ilkin mərhələsində əsas məqsəd İsrailə dəstəyi gücləndirmək və Qəzzadakı hərbi əməliyyatlarla bağlı ittihamlara qarşı informasiya fəaliyyəti aparmaq olub.
Daha sonra kampaniyanın İrana qarşı hərbi əməliyyatların əsaslandırılmasına və İsrailin ABŞ-ni müharibəyə cəlb etdiyi barədə ittihamların zəiflədilməsinə yönəldiyi iddia edilir.
Müəllif bildirir ki, ABŞ ilə İran arasında əldə olunmuş anlaşma memorandumundan sonra kampaniya həmin razılaşmanı dəstəkləyən ABŞ rəsmilərinə qarşı tənqidlərə çevrilib və əsas hədəflərdən biri də bu prosesə rəhbərlik etdiyi bildirilən vitse-prezident Ceyms Devid Vens olub.
Təhlildə vurğulanır ki, İsrail mətbuatında da bu məsələnin Baş nazir Benyamin Netanyahu və İsrail üçün yaxın aylarda siyasi çətinliklər yarada biləcəyi barədə qiymətləndirmələr yer alır.
Qeyd edək ki, bu məlumatlar və qiymətləndirmələr siyasi təhlilə əsaslanır. İsrail hökuməti sözügedən iddialarla bağlı rəsmi mövqe açıqlamayıb.







