BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın İranın cənubuna endirdiyi hava zərbələrindən sonra Əhvaz şəhərində yerləşən Bəqayi İxtisaslaşdırılmış Xəstəxanasından 200-dən çox xəstə təxliyə edilib.
TurkicWorld xəbər verir ki, xəstəxananın direktoru Rza Bazar ABŞ hücumlarının tibb müəssisəsinin fəaliyyətini dayandırmasına səbəb olduğunu bildirib. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Xəstəxananın rəhbərlərindən biri Məcid Buəzar açıqlamasında bildirib ki, ümumilikdə 211 xəstə təhlükəsizlik məqsədilə başqa tibb müəssisələrinə köçürülüb.
Onun sözlərinə görə, təxliyə edilənlər arasında xərçəng xəstələri də daxil olmaqla xüsusi tibbi nəzarət altında olan ağır vəziyyətli pasiyentlər olub.
Xəstəxana əməkdaşlarından biri bildirib ki, hücumlar zamanı ətraf ərazilər intensiv bombardmana məruz qalıb. O qeyd edib ki, bəzi xəstələr oksigen cihazlarına və süni tənəffüs aparatlarına qoşulmuş vəziyyətdə təxliyə ediliblər.
Əməkdaşın sözlərinə görə, insanlar böyük təşviş içində xəstəxananı tərk ediblər. Bəziləri qucaqlarında uşaqlarla, bəziləri damar daxili müalicə sistemi qoşulu vəziyyətdə, digərləri isə əlil arabalarında açıq əraziyə çıxarılıblar.
ABŞ tərəfi xəstəxananın fəaliyyətinin dayanması ilə bağlı bu iddialara hələlik rəsmi münasibət bildirməyib.







