BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı İranda mülki infrastrukturun hədəfə alındığı barədə yayılan məlumatları təkzib edib.
TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı sosial şəbəkə hesabında yaydığı açıqlamada İran dövlət mediasının Xuzistan vilayətinin Hüveyzə şəhərində yerləşən buğda anbarının ABŞ qüvvələri tərəfindən vurulması barədə iddiasının həqiqəti əks etdirmədiyini bildirib.
Açıqlamada "İran dövlət mediası ABŞ qüvvələrinin iyulun 14-də Hüveyzədə mülki buğda saxlama anbarını vurduğunu iddia edir. Bu doğru deyil", - deyə qeyd olunub.
Bu bəyanat ABŞ-ın çərşənbə axşamı İranın müxtəlif bölgələrində həyata keçirdiyi yeni hava hücumlarından sonra verilib.
Məlumata görə, hücumlar zamanı Sirik, Hörmüzgan vilayətinin şərq hissəsi, Bampur, Çabahar, Bəndər Abbas, Əhvaz və Qeşm adasında partlayışlar qeydə alınıb.
ABŞ tərəfi hücumların hədəfləri barədə ətraflı məlumat verməyib.
İran rəsmiləri isə buğda anbarının vurulması ilə bağlı iddialarını davam etdirirlər. Tərəflərin açıqlamaları arasında ziddiyyət qalır və məlumatları müstəqil mənbələr vasitəsilə təsdiqləmək hələlik mümkün olmayıb.







