BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı həyata keçirilən son zərbələr dalğasının başa çatdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının yaydığı məlumata görə, Vaşinqton vaxtı ilə səhər saat 07:30-da başa çatan və 90 dəqiqə davam edən əməliyyat zamanı Böyük Tunb adasındakı sahil müdafiə sistemləri, qanadlı raketlərin saxlanıldığı anbarlar və buraxılış məntəqələri yüksək dəqiqlikli sursatlarla vurulub.
Komandanlıq əməliyyatın dənizdəki hərbi hədəflərə qarşı yönəldiyini bildirib.
Açıqlamada iddia olunub ki, həyata keçirilən zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını daha da zəiflədib.
ABŞ tərəfi əməliyyatın nəticələri və dəymiş ziyanın miqyası barədə əlavə məlumat açıqlamayıb.
İran rəsmiləri isə ABŞ-ın bu açıqlamasına hələlik rəsmi münasibət bildirməyiblər.
Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədə baş verən hərbi gərginlik beynəlxalq ticarət üçün ciddi risk yaradır.







