BAKI,TurkicWorld,Yusif Şərifzadə
Oman Hörmüz boğazında gəmiçiliyin azadlığının təmin olunması üçün bütün tərəflərlə neytral və şəffaf əməkdaşlığı davam etdirdiyini açıqlayıb. Maskat bütün tərəfləri beynəlxalq hüquqa əməl etməyə çağırıb.
TurkicWorld xəbər verir ki, Oman Xarici İşlər Nazirliyi Hörmüz boğazında gəmiçilik məsələləri ilə bağlı açıqlama yayıb.
Nazirliyin bəyanatında bildirilib ki, Oman boğazda hərəkət azadlığının tam bərpası üçün bütün tərəflərlə şəffaf və neytral əməkdaşlığını davam etdirir.
Açıqlamada vurğulanıb ki, Oman Dəniz Hüququ üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyası çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir.
Oman bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə və fəaliyyətlərini bu hüquqi çərçivəyə uyğun həyata keçirməyə çağırıb.
Xarici İşlər Nazirliyi həmçinin husilərin Səudiyyə Ərəbistanına qarşı raket təhdidlərini pisləyib. Oman Krallığın suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq məqsədilə atdığı addımlara dəstək verdiyini bildirib.
Daha əvvəl Qətər Xarici İşlər Nazirliyi də Səudiyyə Ərəbistanının cənub bölgəsinə yönələn ballistik raket hücumunu pisləyən açıqlama yayıb.
Hörmüz boğazında yaranan gərginlik fonunda Körfəz ölkələri beynəlxalq gəmiçilik qaydalarına riayət olunmasının vacibliyini vurğulayırlar.







