BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın İrana qarşı həyata keçirdiyi son zərbələr nəticəsində ölənlərin sayının ən azı 24 nəfərə çatdığı bildirilir. Hücumlarda həm hərbi, həm də mülki obyektlərin zərər gördüyü qeyd olunur.
TurkicWorld xəbər verir ki, İran mənbələrinin məlumatına görə, son zərbələr zamanı Xuzistan vilayətinin Abadan şəhərində üç ərazi hədəfə alınıb. Hücum nəticəsində iki nəfərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilib.
İsfahan vilayətinin Nain şəhərində yerləşən hərbi bazaya endirilən zərbə nəticəsində isə bir nəfərin öldüyü açıqlanıb.
Həmçinin Xuzistan vilayətinin Məhşəhr şəhərində kənd təsərrüfatı üçün istifadə olunan su nasos stansiyasına zərbə endirildiyi və nəticədə bir nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilib.
İran və ABŞ arasında qarşılıqlı hücumlar Hörmüz boğazı ətrafında yaranan gərginlik fonunda davam edir. Son hadisələr qlobal enerji bazarlarında və regional təhlükəsizlik məsələlərində narahatlıqları artırıb.
Beynəlxalq müşahidəçilər tərəflər arasında hərbi qarşıdurmanın daha geniş miqyas almasının qarşısının alınması üçün diplomatik səylərin vacibliyini vurğulayırlar.







