BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və Livan Silahlı Qüvvələrinin nümayəndə heyətləri Livanın cənubunda təhlükəsizlik mexanizminin yaradılması və çərçivə sazişinin icrası ilə bağlı görüş keçiriblər. Tərəflər sazişdə nəzərdə tutulan ilk sınaq zonasının həyata keçirilməsi məsələsini müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, livanlı mənbələrin məlumatına görə, görüşdə ölkənin cənubunda ilk sınaq zonasının fəaliyyət mexanizmi üzərində fikir mübadiləsi aparılıb. Danışıqlar Livan mətbuatında və digər beynəlxalq nəşrlərdə ABŞ nümayəndə heyətinin Beyruta səfəri ilə bağlı yayılan məlumatlardan sonra baş tutub.
Məlumata əsasən, ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş çərçivə sazişi Livan ilə İsrail arasında iki sınaq zonasının yaradılmasını nəzərdə tutur. Sazişə görə, İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsi ilə yanaşı, həmin ərazilərdə təhlükəsizliyə görə məsuliyyət tədricən Livan Ordusuna veriləcək.
Tərəflərin məqsədinin bölgədə sabitliyin möhkəmləndirilməsi, təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması və razılaşmanın mərhələli şəkildə həyata keçirilməsi olduğu bildirilir.







