BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın xarici işlər naziri Yusif Racci İsrail ilə ABŞ-nin vasitəçiliyi ilə imzalanan çərçivə razılaşmasının bütün danışıqların yalnız Livan dövlətinin səlahiyyətində olduğunu göstərdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Yusif Racci bu açıqlamanı Kiprə səfəri zamanı verib.
Nazirin sözlərinə görə, İsraillə əldə olunan razılaşma ilk növbədə İran da daxil olmaqla bütün tərəflərə göstərib ki, danışıqlar yalnız Livan dövlətinin məsuliyyətidir və bu məsələdə qərarvermə hüququ başqa heç kimə aid deyil.
Qeyd edək ki, ABŞ ilə İran arasında əldə olunan müvəqqəti anlaşma çərçivəsində Tehran İsrail qoşunlarının Livanın cənubundan çıxmasını və aylardır davam edən hücumların dayandırılmasını tələb edib.
Livan hökuməti ilə Hizbullah arasında son dövrlərdə qarşılıqlı sərt bəyanatlar səslənib. Hizbullah tərəfdarları hökumətin bəzi addımlarına etiraz olaraq əsas yolları bağlayıblar.
Hizbullah deputatlarından biri bildirib ki, hökumətin qrupun tərksilah edilməsi istiqamətində addım atması ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.







