BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini və bu məqsədlə onunla əlaqə saxladığını bildirib.
Prezident "Air Force One" təyyarəsində jurnalistlərə açıqlamasında deyib ki, İran tərəfi yaxın vaxtlarda onunla əlaqə yaradaraq razılıq əldə etmək istədiyini bildirib.
Bununla belə, Tramp Tehranın mümkün razılaşmanın şərtlərinə əməl edib-etməyəcəyinə əmin olmadığını vurğulayıb.
Onun sözlərinə görə, əsas problem İranın öhdəliklərini yerinə yetirib-yetirməyəcəyi ilə bağlıdır.
Donald Tramp ABŞ və İran arasında son hərbi qarşıdurmalara da toxunaraq bildirib ki, İranın hər hücumuna ABŞ daha sərt cavab verir.
Prezident qeyd edib ki, İranın son hücumu əvvəlki gecə baş verən hadisələrə cavab xarakteri daşıyıb, lakin Vaşinqton bu cür addımlara daha güclü hərbi tədbirlərlə cavab verməyə davam edəcək.
Tramp hazırkı qarşıdurmanın daha genişmiqyaslı hərbi münaqişəyə çevrilməsi ehtimalını da istisna etməyib.
Onun sözlərinə görə, ABŞ-ın qələbə qazanması üçün müxtəlif yollar mövcuddur və hərbi baxımdan Vaşinqton artıq üstün mövqedədir.
Münaqişənin genişlənə biləcəyi ilə bağlı suala cavabında Tramp bunun necə inkişaf edəcəyini bilmədiyini, lakin ABŞ-ın hadisələrin gedişində çox sürətlə üstünlük əldə etdiyini bildirib.
ABŞ Prezidenti Avropadakı Amerika hərbi kontingentinin gələcəyi barədə də danışıb.
O qeyd edib ki, əlavə qoşunların Avropadan çıxarılıb-çıxarılmaması Qrenlandiya məsələsi və İranla bağlı vəziyyət də daxil olmaqla bir sıra amillərdən asılı olacaq.
Tramp bildirib ki, bu məsələ ilə bağlı hələ yekun qərar qəbul etməyib. Onun sözlərinə görə, Qrenlandiya ilə bağlı ABŞ üçün əlverişli razılaşma əldə olunmadığı halda, Avropadakı hərbi qüvvələrin ixtisar edilməsi variantı da nəzərdən keçirilə bilər.







