BAKI,TurkicWorld,Yusif Şərifzadə
HƏMAS Qəzzada təxminən iyirmi ilə yaxın müddətdə fəaliyyət göstərən idarəetmə qurumunun buraxıldığını və mülki idarəçiliyin Qəzzanın İdarə Olunması üzrə Milli Komitəyə təhvil verilməsi üçün şərait yaradıldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, HƏMAS nümayəndələri bu qərarın İsrailin davam etdirdiyini iddia etdikləri hərbi əməliyyatlara bəhanələrin aradan qaldırılması və Qəzza əhalisinin maraqlarının qorunması məqsədi daşıdığını bildiriblər. Məlumata görə, Fövqəladə Hallar Komitəsinin rəhbəri Məhəmməd əl-Fərrə rəsmi şəkildə istefa verib və komitənin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul olunub.
HƏMAS-ın məlumatına əsasən, bu addım idarəetmənin Qəzzanın İdarə Olunması üzrə Milli Komitəyə problemsiz ötürülməsini təmin etmək məqsədi daşıyır. Hərəkat bildirib ki, yeni komitənin bölgəyə tezliklə daxil olacağına və öz fəaliyyətinə başlayacağına ümid edir.
Qeyd olunub ki, HƏMAS ötən ilin oktyabr ayında qüvvəyə minmiş atəşkəsdən sonra dəfələrlə Qəzzanın gündəlik idarəçiliyindən geri çəkilməyə hazır olduğunu bəyan edib. Hərəkat yeni komitənin fəaliyyətinin uğurla həyata keçirilməsi üçün hökumət səlahiyyətlərini ona təhvil verməyə hazır olduğunu bir daha vurğulayıb.







