Son dəqiqə

Qəzza Qəzzada Hökumət Fəaliyyətinə Nəzarət Komitəsi Qəzzanın İdarə olunması üzrə Milli Komitə Məhəmməd Cavad əl-Fərrə

Qəzzada Hökumət Fəaliyyətinə Nəzarət Komitəsi ləğv edildi: İdarəetmə Milli Komitəyə təhvil veriləcək

BAKI,TurkicWorld Orxan Qədirzadə

Qəzza zolağında Hökumət İnformasiya Ofisi Hökumət Fəaliyyətinə Nəzarət Komitəsinin rəsmi olaraq ləğv edildiyini və idarəetmə səlahiyyətlərinin Qəzzanın İdarə olunması üzrə Milli Komitəyə təhvil verilməsi prosesinə başlanıldığını açıqlayıb.

Rəsmi bəyanatda bildirilib ki, Fövqəladə Hallar üzrə Hökumət Komitəsinin rəhbəri və hökumət fəaliyyətinə nəzarət üzrə müvəqqəti rəhbər Məhəmməd Cavad əl-Fərrə tutduğu vəzifədən istefa verib. Qeyd olunub ki, bu addım inzibati keçid prosesini asanlaşdırmaq, milli razılaşmaların icrasını təmin etmək və tərəflərin bu prosesə sadiqliyini nümayiş etdirmək məqsədi daşıyır.

Hökumət İnformasiya Ofisinin sözçüsü Əş-Şifa xəstəxanası qarşısında keçirdiyi mətbuat konfransında bildirib ki, səlahiyyətlərin təhvil verilməsi üçün bütün inzibati və hüquqi prosedurlar artıq başa çatdırılıb.

Onun sözlərinə görə, görülən tədbirlər tam şəffaf şəkildə Fələstin fraksiyalarına, siyasi qüvvələrə, qəbilələrin ali komitəsinə, vətəndaş cəmiyyəti institutlarına təqdim olunub və proses Birləşmiş Millətlər Təşkilatının nümayəndəsinin müşahidəsi ilə həyata keçirilib.

Bəyanatda vurğulanıb ki, hazırda dövlət qurumlarında fəaliyyətini davam etdirən əməkdaşlar yalnız texniki və peşəkar heyətdən ibarətdir. Onlar dövlət xidmətlərinin fasiləsiz göstərilməsi və inzibati boşluğun yaranmasının qarşısını almaq məqsədilə vəzifələrini davam etdirəcəklər.

Hökumət İnformasiya Ofisi həmin əməkdaşların dövlət qulluqçuları olduqlarını və Qəzzanın İdarə olunması üzrə Milli Komitənin rəhbərliyi və göstərişləri altında fəaliyyət göstərməyə hazır olduqlarını bəyan edib. Bildirilib ki, bu addımlar Misirin paytaxtı Qahirədə razılaşdırılmış yol xəritəsinə uyğun həyata keçirilir.

Qurum, həmçinin bütün aidiyyəti tərəfləri Qəzzanın İdarə olunması üzrə Milli Komitənin sektora mümkün qədər tez daxil olmasına və öz səlahiyyətlərinin icrasına başlamasına şərait yaratmağa çağırıb.

Açıqlamada qeyd olunub ki, bunun məqsədi davam edən müharibənin ağır humanitar nəticələrinin azaldılması, bərpa prosesində yaranmış gecikmələrin aradan qaldırılması, blokada və sərhəd-keçid məntəqələrinin bağlı qalması səbəbindən dərinləşən humanitar böhranın yüngülləşdirilməsidir.

Mövzuya görə xəbərlər