BAKI,TurkicWorld Orxan Qədirzadə
Almaniya Xarici İşlər Nazirliyi Berlində Çin səfirini çağıraraq Rusiyaya məxsus hərbçilərin Çin ərazisində təlim keçməsi ilə bağlı iddiaları müzakirə edib. Bu addım Avropa mediasında yayılan və kəşfiyyat məlumatlarına əsaslandığı bildirilən hesabatlardan sonra atılıb.
Məlumatlara görə, bəzi Avropa kəşfiyyat sənədləri yüzlərlə rus əsgərinin Çin tərəfindən gizli şəkildə təlim keçdiyini və onların bir hissəsinin Ukrayna müharibəsində döyüş bölgələrinə göndərildiyini iddia edir. Bu iddialar rəsmi Berlin tərəfindən “ciddi narahatlıq doğuran” kimi qiymətləndirilib.
Almaniya XİN bəyan edib ki, Rusiyanın Ukraynada müharibəni davam etdirməsinə hər hansı dəstək Avropa və Almaniyanın təhlükəsizliyinə birbaşa təhdiddir. Nazirliyin nümayəndəsi vurğulayıb ki, müharibəni gücləndirən bütün addımlar region sabitliyini pozur.
Çin tərəfi isə bu kimi ittihamları əvvəllər də rədd edərək əsassız adlandırıb. Lakin hazırkı çağırışla bağlı rəsmi Pekindən hələlik yeni şərh verilməyib.
Avropa rəsmiləri bildirirlər ki, təlimlərin yüksək rütbəli hərbi şəxslərin iştirakı ilə həyata keçirilməsi Moskva və Pekin arasında hərbi əməkdaşlığın miqyasını göstərir və bu, Qərbdə ciddi narahatlıq doğurur.







