BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun İsraillə aparılan danışıqları müdafiə edərək hökumətin ölkənin suverenliyi və ərazi bütövlüyündən geri çəkilməyəcəyini bildirib. O vurğulayıb ki, Livan torpağının bir qarışından belə imtina edilməyəcək.
TurkicWorld xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı bəyanatda Cozef Aun İsraillə aparılan danışıqların xəyanət kimi qiymətləndirilməsinin doğru olmadığını deyib. Onun sözlərinə görə, ölkə uzun illər davam edən müharibələr və xarici təsirlər dövrünü geridə qoymalı, xüsusilə cənub bölgəsində yaşayan insanlar təhlükəsizlik və ləyaqət şəraitində yaşamalıdır.
Prezident bildirib ki, hökumətin razılaşma ilə bağlı mövqeyi Livanın hüquqlarına və milli prinsiplərinə zidd deyil. Əksinə, onun sözlərinə görə, çərçivə razılaşması bu hüquqların tam şəkildə qorunmasına xidmət edir.
Cozef Aun qeyd edib ki, dövlətin suverenliyinə hörmət edən hər kəs bu məsələdə dövlətin qəbul etdiyi qərarlara da hörmətlə yanaşmalıdır.
Son günlər Livan hökuməti İsraillə əldə olunmuş razılaşmaya görə tənqid olunur. Tənqidçilər hesab edirlər ki, sənəd ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlıqlar yaradır.







