Son dəqiqə

Fələstin İsrail Humanitar böhran İordan çayının qərb sahili Məskunlaşanlar Zorakılıq Məcburi köç

İsrailli məskunlaşanların zorakılığı fələstinli ailələri yoxsullaşdırır - Hesabat

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İşğal altındakı İordan çayının qərb sahilində israilli məskunlaşanların zorakılığı nəticəsində evlərini tərk etməyə məcbur qalan fələstinli ailələr yoxsulluq, təhlükəsizlik problemləri və qeyri-müəyyənliklə üz-üzə qalıb.

TurkicWorld xəbər verir ki, bu barədə İordan çayının qərb sahilinin Müdafiəsi Konsorsiumunun hazırladığı yeni hesabatda bildirilir.

Hesabata əsasən, məcburi köçkün vəziyyətinə düşmüş ailələrin 86 faizi köçürüldükdən sonra həyat şəraitinin əvvəlkindən daha da pisləşdiyini bildirib.

Sənəddə vurğulanır ki, məcburi köç bir dəfə baş verən hadisə deyil, uzunmüddətli humanitar böhranın davam edən mərhələsidir.

Bildirilir ki, köçürülmüş ailələr evdən çıxarılmaq təhlükəsi, dolanışıq mənbələrinin itirilməsi, yararsız yaşayış şəraiti və əsas xidmətlərə çıxışın məhdudlaşdırılması kimi problemlərlə üzləşirlər. Sorğuda iştirak edən ailələrin yarısı növbəti altı ay ərzində yenidən köçürülmək riski ilə qarşılaşacaqlarını düşündüklərini deyiblər.

Araşdırmaya görə, ailələrin dörddə üçü artıq əsas ehtiyaclarını ödəyəcək qədər gəlir əldə edə bilmir. Bunun əsas səbəbi isə İsrail hakimiyyəti və məskunlaşanların onların torpaq sahələrinə və ya mal-qarasına çıxışını məhdudlaşdırması göstərilir.

İordan çayının qərb sahilinin Müdafiəsi Konsorsiumunun nümayəndəsi Alleqra Paçeko bildirib ki, torpaqların itirilməsi ailələrin yalnız evlərini deyil, həm də onları dolandıran əsas gəlir mənbələrini əllərindən alır.

Onun sözlərinə görə, məcburi köç nəticəsində ailələr artıq torpaqlarını becərə, mal-qaralarını otara və dolanışıqlarını təmin edəcək gəliri əldə edə bilmirlər.

Mövzuya görə xəbərlər