BAKI,TurkicWorld Orxan Qədirzadə
Küveyt və Bəhreyn İranın ərazilərinə qarşı həyata keçirdiyi son hücumları kəskin şəkildə pisləyərək, onları dövlət suverenliyinin kobud şəkildə pozulması və regional təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndiriblər.
Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İranın ölkəyə qarşı təkrarlanan hücumları qətiyyətlə pislənilib. Bildirilib ki, son hücum bazar günü sübh saatlarında baş verib və bu addım Küveytin suverenliyinin açıq şəkildə pozulması, ölkənin təhlükəsizliyi və sabitliyinə, həmçinin vətəndaşlar və ölkədə yaşayan əcnəbilərin təhlükəsizliyinə birbaşa təhdid təşkil edir.
Nazirlik vurğulayıb ki, bu hücumlar beynəlxalq hüququn norma və prinsiplərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Bəyanatda qeyd olunub ki, davam edən hücumlar regionda gərginliyin azaldılması istiqamətində beynəlxalq və regional səylərə zərbə vurur.
Bəhreyn də yaydığı bəyanatda İranın krallığa qarşı yenidən ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etdiyini bildirərək bunu təhlükəli eskalasiya adlandırıb.
Rəsmi Manama bəyan edib ki, bu hücumlar Tehranın fəaliyyətinin təsadüfi xarakter daşımadığını, əksinə, Bəhreynin suverenliyi, ölkə vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinə qarşı məqsədyönlü və sistemli siyasətin tərkib hissəsi olduğunu göstərir.
Bəhreyn hökuməti dövlətlərin suverenliyini pozan, regional təhlükəsizliyi təhdid edən və gərginliyi artıran bütün addımları rədd etdiyini bir daha bəyan edib. Eyni zamanda beynəlxalq hüquqa hörmət edilməsinə və Fars körfəzi regionunda sülhün, sabitliyin qorunması üçün diplomatik səylərin gücləndirilməsinə çağırış edib.
Dünya Müsəlman Liqası da İranın Bəhreynə pilotsuz uçuş aparatları ilə hücumunu kəskin şəkildə pisləyib.
Təşkilatın baş katibi və Müsəlman Alimləri Şurasının sədri Şeyx Məhəmməd bin Əbdülkərim Əl-İssa bildirib ki, İranın həyata keçirdiyi hücumlar dini dəyərlərə, beynəlxalq və humanitar hüququn norma və prinsiplərinə ziddir, eyni zamanda regionda təhlükəsizlik və sabitliyin bərpasına yönəlmiş səylərə ciddi zərbə vurur.







