BAKI,TurkicWorld Orxan Qədirzadə
Fransada son günlər Qərbi Avropanı təsiri altına alan rekord istilər fonunda ölüm hallarının nəzərəçarpacaq dərəcədə artdığı açıqlanıb.
Fransa İctimai Səhiyyə Agentliyinin yaydığı məlumata görə, iyunun 24-dən etibarən ölkədə qeydə alınan ölüm sayı əvvəlki ayların göstəriciləri ilə müqayisədə təxminən 1000 nəfər çox olub.
Qurum bildirib ki, bu rəqəmlər ilkin xarakter daşıyır və yekun hesablamalar aparıldıqdan sonra ölüm sayının daha yüksək ola biləcəyi istisna edilmir.
Agentliyin məlumatına əsasən, ən ağır vəziyyət yüksək temperaturla bağlı ən yüksək – qırmızı təhlükə səviyyəsinin elan edildiyi bölgələrdə qeydə alınıb.
Əlavə ölüm hallarının təxminən 85 faizi 65 yaş və daha yuxarı yaş qrupuna aid şəxslərin payına düşüb.
Məlumata görə, ən ciddi artım ev şəraitində baş verən ölüm hallarında müşahidə olunub. Xüsusilə Paris və onun ətraf ərazilərini əhatə edən İl-de-Frans bölgəsində evdə həyatını itirənlərin sayında əhəmiyyətli yüksəliş qeydə alınıb.
Fransa İctimai Səhiyyə Agentliyi bu vəziyyətin tənha yaşayan və cəmiyyətdən təcrid olunmuş insanlara, o cümlədən iri şəhərlərdə yaşayan yaşlı şəxslərə qarşı həmrəylik tədbirlərinin daha da gücləndirilməsinin vacibliyini bir daha göstərdiyini vurğulayıb.
Qurum qeyd edib ki, isti hava dalğaları zamanı xüsusilə yaşlı və həssas əhali qruplarına müntəzəm nəzarət və sosial dəstəyin göstərilməsi ölüm riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu arada, bazar günü Fransanın əksər bölgələrində hava şəraitinin nisbətən sabitləşdiyi bildirilib. Son günlər bir çox ərazidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxsa da, hazırda istilərin tədricən səngiməyə başladığı qeyd olunur






