BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı il futbol üzrə dünya çempionatı davam edərkən, turnirdə çıxış edən ən varlı futbolçuların siyahısı açıqlanıb.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb. Üç ölkədə keçirilən turnirdə ümumilikdə 48 milli komanda və 1284 futbolçu mübarizə aparır.
Dünya çempionatı ilə bağlı beynəlxalq ictimaiyyətin ən çox maraq göstərdiyi mövzulardan biri də turnirdə çıxış edən futbolçuların gəlirləri və sərvətləridir. Bu çərçivədə ən çox gəlir əldə edən beş futbolçunun siyahısı açıqlanıb.
Siyahıya Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo başçılıq edir. Altıncı dəfə dünya çempionatında iştirak edən və bu turnirlərin hər birində qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşən Ronaldonun son bir ildə ümumi gəlirinin 295 milyon ABŞ dolları olduğu bildirilir.
Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir və bir neçə ay əvvəl müqaviləsini yeniləyib. O, klubundan ildə 230 milyon ABŞ dolları məbləğində gəlir əldə edir. Bundan əlavə, şirkətlər ilə əməkdaşlıq müqavilələri sayəsində ildə daha 65 milyon ABŞ dolları qazanır.
Siyahıda ikinci yeri Argentina millisinin lideri Lionel Messi tutur. O, son dörd ildə ABŞ-ın əsas futbol liqasında çıxış edir və xüsusi müqavilə şərtləri sayəsində "İnter Mayami" klubundan ildə 70 milyon ABŞ dolları gəlir əldə edir.
Dünya çempionatları tarixinin ən məhsuldar qolçusu hesab olunan Messi sponsorluq və reklam müqavilələrindən də təxminən 70 milyon ABŞ dolları qazanır. Bundan başqa, Messi və ailəsi İspaniya ilə Argentinanın aşağı liqalarında çıxış edən futbol klubunun da sahibidir.
Ümumi sərvətləri bir milyard ABŞ dollarını ötən Ronaldo və Messidən sonra siyahıda gənc nəsli təmsil edən futbolçular yer alır.
Fransa millisinin hücumçusu Kilian Mbappe ümumilikdə 100 milyon ABŞ dolları gəlirlə üçüncü pillədə qərarlaşıb.
Dördüncü yerdə İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Haaland yer alır. Sosial şəbəkələrdəki fəallığı ilə də diqqət çəkən futbolçunun ümumi gəliri 80 milyon ABŞ dolları təşkil edir.
Siyahının beşinci sırasında isə Braziliya millisinin üzvü Vinisius Junior qərarlaşıb. Onun ümumi gəliri 60 milyon ABŞ dollarına çatır.







