BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton məxfi sənədləri qanunsuz saxlamaq ittihamı üzrə günahını etiraf edib.
TurkicWorld xəbər verir ki, 77 yaşlı diplomat Merilend ştatının federal məhkəməsində məxfi sənədləri qanunsuz saxlamaqla bağlı bir ittiham üzrə təqsirini qəbul edib.
Məlumata görə, razılaşmaya əsasən prokurorluq onun barəsində beş ildən artıq azadlıqdan məhrumetmə cəzası istəməyəcək.
Hakim Teodor Çuanqın "özünüzü təqsirli bilirsinizmi?" sualına Bolton "Bəli, hörmətli hakim, təqsirliyəm və buna görə peşmanam" cavabını verib.
Məhkəmənin qərarına əsasən, Con Bolton 2,25 milyon ABŞ dolları məbləğində cərimə də ödəməlidir.
Bolton ötən ilin oktyabrında milli müdafiəyə aid çox məxfi məlumatları ötürmək və saxlamaqla bağlı ümumilikdə 18 maddə üzrə ittiham olunmuşdu. İstintaqın iddiasına görə, o, məxfi sənədləri elektron poçt vasitəsilə səlahiyyəti olmayan iki nəfərə göndərib. Həmin şəxslərin onun həyat yoldaşı və qızı olduğu ehtimal edilir.
Qeyd edək ki, İran hakimiyyətinin dəyişdirilməsinin uzunmüddətli tərəfdarı olan Con Bolton son dövrlərdə Donald Trampın İran və İsrail arasında münaqişə ilə bağlı siyasətini açıq şəkildə tənqid edib.







