BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın Mülki Müdafiə Xidməti İsrailin ölkənin cənubundakı Nəbatiyyə bölgəsinə endirdiyi zərbələr nəticəsində 16 nəfərin həlak olduğunu, 12 nəfərin isə yaralandığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, məlumatda hücumların Nəbatiyyə bölgəsində ciddi insan itkilərinə səbəb olduğu bildirilir. Yaralanan şəxslərin müalicə üçün yaxınlıqdakı tibb müəssisələrinə çatdırıldığı qeyd olunur.
Məlumata görə, İsrail ölkənin şərqində yerləşən Beka vadisinə də zərbələr endirib. Həmin hücum nəticəsində bir nəfər həyatını itirib.
Livanın cənubundakı Sur bölgəsində həyata keçirilən hücumlarda isə daha beş nəfərin öldüyü bildirilib.
Son hadisələr İsrail və Hizbullah arasında atəşkəs barədə məlumatların yayılmasına baxmayaraq, Livanda hərbi əməliyyatların davam etdiyini göstərir.







