BAKI,TurkicWorld Orxan Qədirzadə
İsrail ordusu Livanda qüvvədə olan atəşkəs rejiminə və ABŞ ilə İran arasında əldə olunduğu bildirilən son razılaşmalara baxmayaraq, ölkənin cənub bölgələrinə hücumlarını davam etdirib.
Livanın dövlət informasiya agentliyinin yaydığı məlumata görə, İsrail artilleriyası Cəzzin bölgəsində yerləşən Reyhan yaşayış məntəqəsinin ətraf ərazilərini atəşə tutub.
Bununla yanaşı, gecə saatlarından sonra İsrail qüvvələri Səccid və Mahmudiyyə yaşayış məntəqələrinə də artilleriya zərbələri endirib.
Xatırladaq ki, aprelin 17-də qüvvəyə minən atəşkəs rejimi daha sonra mayın 17-də əlavə 45 gün müddətinə uzadılmışdı. Buna baxmayaraq, tərəflər arasında gərginlik tam aradan qalxmayıb və bölgədə hərbi fəaliyyətlər davam edir.
İyunun 15-də Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ ilə İran arasında razılıq əldə olunduğunu açıqlayaraq bildirmişdi ki, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi şəkildə dayandırılacaq.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də Vaşinqton və Tehran arasında razılığın əldə edildiyini təsdiqləyib. O bildirib ki, tərəflər arasında qarşılıqlı anlaşma memorandumunun iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır.
İsrail martın 2-də Livan ərazisinə qarşı genişmiqyaslı hava hücumlarına başlamış və ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrində nəzarəti ələ keçirmişdi. Həmin dövrdə Livan hökuməti ölkə daxilində məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp aprelin 24-də bəyan etmişdi ki, aprelin 17-də qüvvəyə minmiş Livan–İsrail arasında 10 günlük müvəqqəti atəşkəs daha üç həftə uzadılıb.
Mayın 14-15-də ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail nümayəndələri arasında keçirilən üçüncü danışıqlar raundunun yekununda tərəflər mayın 17-dən etibarən atəşkəs rejiminin əlavə 45 gün müddətinə uzadılması barədə razılığa gəlmişdilər.
Livan Səhiyyə Nazirliyinin son məlumatına əsasən, martın 2-dən bəri İsrailin hücumları nəticəsində 3 798 nəfər həyatını itirib.
Vaşinqtonda keçirilən dördüncü danışıqlar raundundan sonra ABŞ Dövlət Departamenti iyunun 3-də açıqlamışdı ki, İsrail və Livan genişmiqyaslı atəşkəs barədə razılıq əldə ediblər. Razılaşmaya əsasən, “Hizbullah” hərəkatının bütün hücumları dayandırması və qüvvələrini Litani çayının şimalına çəkməsi tələb olunurdu.
Lakin “Hizbullah” bu şərtlərə əsaslanan razılaşmanı qəbul etməyərək onu rədd edib.
Bütün bunlara baxmayaraq, bölgədə atəşkəs elan olunmasına dair razılaşmaların mövcudluğu fonunda İsrail ordusunun Livan ərazisinə zərbələri davam edir və sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır







