BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ İranda toy mərasiminin Amerika qüvvələri tərəfindən vurulduğuna dair məlumatları araşdırır. ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirməyə çalışır.
TurkicWorld xəbər verir ki, Vensdən çərşənbə axşamı ABŞ-nin İranda toy mərasiminə zərbə endirməsi və nəticədə beş nəfərin həlak olması barədə İran tərəfinin məlumatlarına münasibət bildirməsi istənilib. Vitse-prezident hadisənin araşdırıldığını, lakin İran dövlət mediasının müharibə ilə bağlı məlumatlarına ciddi şübhə ilə yanaşdığını deyib.
Vens İran mediasının indiyədək qarşıdurmanın gedişi barədə etibarlı məlumat mənbəyi olmadığını iddia edib. O, buna görə toy mərasiminin ABŞ tərəfindən vurulması ilə bağlı yayılan məlumatlara “son dərəcə şübhə ilə” yanaşdığını bildirib.
ABŞ vitse-prezidenti Vaşinqtonun döyüş əməliyyatları zamanı mülki şəxsləri qəsdən hədəfə almadığını və gələcəkdə də belə etməyəcəyini söyləyib.
Bununla yanaşı, Vens hərbi əməliyyatlar zamanı bəzən gözlənilməz hadisələrin baş verə biləcəyini etiraf edib. Onun sözlərinə görə, məhz buna görə ABŞ tərəfi hadisənin təfərrüatlarını araşdırır.
Vens bildirib ki, əgər ABŞ hərbçilərinin səhvə yol verdiyi müəyyənləşdirilərsə, baş verənlərdən nəticə çıxarılacaq və oxşar halların təkrarlanmaması üçün tədbirlər görüləcək.
İran tərəfinin məlumatına görə, ABŞ-nin toy mərasiminə endirdiyi iddia olunan zərbə nəticəsində beş nəfər həyatını itirib. Vens isə hadisə ilə bağlı araşdırmanın yekun nəticələrinin hələ açıqlanmadığını bildirib.







