BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Livan hərbçilərinin ölümü ilə nəticələnən hücumu pisləyib.
TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai yaydığı açıqlamada İsrailin iki zabit və bir əsgərin həlak olması ilə nəticələnən hücumunu Livanın suverenliyinə qarşı ağır cinayət kimi qiymətləndirib.
Onun sözlərinə görə, hadisə İsrailin təkcə müəyyən qrupları deyil, Livanı bütün komponentləri ilə birlikdə hədəf aldığını göstərir.
İsmayıl Bəqai bildirib ki, bu hücum İsrailin Livanda təhlükəsizlik, sabitlik və rifahın bərqərar olmasını istəmədiyini nümayiş etdirən açıq təcavüz mesajıdır.
İran rəsmisi İsraili hərbçilər, müqavimət qüvvələri və mülki şəxslər arasında fərq qoymamaqda ittiham edib. O qeyd edib ki, bütün bu qruplar hücumların hədəfinə çevrilir.
Bəqai həlak olanların ailələrinə, Livan Ordusuna, Livan hökumətinə və Livan xalqına başsağlığı verib.







