BAKI,TurkicWorld,Yusif Şərifzadə
Misir İranın Küveyt və Bəhreynə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, Misirin Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu hücumları hər iki ölkənin suverenliyinin kobud şəkildə pozulması və bütün Körfəz regionunun təhlükəsizliyini təhdid edən təhlükəli gərginlik kimi qiymətləndirib.
Bəyanatda qeyd olunub ki, Qahirə qanunsuz təcavüz kimi xarakterizə etdiyi bu addımlar qarşısında Küveyt və Bəhreynlə tam həmrəylik nümayiş etdirir. Misir hər iki ölkənin ərazilərini, əhalisini və həyati əhəmiyyət daşıyan obyektlərini qorumaq məqsədilə atacağı bütün tədbirləri dəstəklədiyini bildirib.
Misir Xarici İşlər Nazirliyi vurğulayıb ki, Körfəz ölkələrinin təhlükəsizliyi ərəb milli təhlükəsizliyinin əsas dayaqlarından biri hesab olunur.
Bəyanatda həmçinin dövlətlərin suverenliyini pozan və ya onların ərazi bütövlüyünü təhdid edən istənilən addımın qətiyyətlə rədd edildiyi qeyd olunub.







