BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ administrasiyası İranla aparılan danışıqlarda müsbət dinamikanın müşahidə olunduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset Sinqapurda jurnalistlərə açıqlamasında İranla aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğunu bildirib.
Nazirin sözlərinə görə, Vaşinqton İranla müharibəni başa çatdıra biləcək mümkün razılaşmaya nail olmaq baxımından "yaxşı mövqedədir" və indiyədək keçirilən təmaslar məhsuldar nəticələr verib.
Pit Heqset qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp yalnız ölkəsinin və qlobal təhlükəsizliyin maraqlarına tam cavab verən razılaşmanı qəbul edəcək.
O bildirib ki, Prezident Donald Tramp hər hansı sazişi yalnız ABŞ və dünya təhlükəsizliyi üçün faydalı hesab etdiyi halda təsdiqləyəcək və bu məsələdə tələsmək niyyətində deyil.
Müdafiə naziri əlavə edib ki, İran da Vaşinqtonla razılığın əldə olunması üçün hansı addımların atılmalı olduğunu yaxşı bilir.
Açıqlama ABŞ və İran arasında davam edən danışıqlarla bağlı ziddiyyətli bəyanatlar fonunda səsləndirilib. Vaşinqton tərəfi danışıqlarda irəliləyiş olduğunu vurğulasa da, Tehran yekun razılaşmanın hələ formalaşmadığını bildirir.
Bu səbəbdən tərəflər arasında aparılan diplomatik prosesin nəticələri ilə bağlı qeyri-müəyyənlik davam edir.







