Son dəqiqə

İsrail Livan Hizbullah cənubi Livan humanitar vəziyyət Zəhrani çayı Evakuasiya Marvaniyə Ansariyə

İsrail Livanın cənubunda altı kənd üçün yeni köçürülmə əmri verdi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusu Livanın cənubunda yerləşən bir sıra yaşayış məntəqələrinin sakinlərinə növbəti köçürülmə xəbərdarlığı edib.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun ərəbdilli sözçüsü Avihay Adrai sosial şəbəkədə yaydığı açıqlamada Livanın cənubunda yerləşən Marvaniyə, Lübya, Midun, Ansariyə, Zefta və Təffahta kəndlərinin sakinlərinə ərazini dərhal tərk etmələri barədə çağırış edib.

Açıqlamada bildirilib ki, sakinlər Zəhrani çayının şimalına keçməlidirlər. İsrail tərəfi Hizbullahın qüvvələri, obyektləri və hərbi vasitələrinin yaxınlığında olan şəxslərin həyatlarını təhlükə altına atdıqlarını iddia edib.

Livanda qüvvədə olduğu bildirilən atəşkəs rejiminə baxmayaraq, son günlər İsrail və Hizbullah arasında qarşıdurmaların yenidən intensivləşdiyi müşahidə olunur. İsrail ordusu cənub bölgələrində hərbi fəaliyyətini genişləndirir və mülki əhaliyə ardıcıl şəkildə köçürülmə xəbərdarlıqları edir.

Bu, İsrailin gün ərzində Livanın cənubu ilə bağlı yaydığı üçüncü köçürülmə əmri hesab olunur. Daha əvvəl Cdeydət Ənsar, Zrariyə, Məzrəət Kəvsəriyyət ər-Riz, Məşğərə, Meyfadun, Şukin və Zebdin yaşayış məntəqələrinin sakinlərinə də oxşar xəbərdarlıqlar edilmişdi.

Mövcud vəziyyət Livanın cənubunda humanitar böhran riskini və təhlükəsizlik narahatlıqlarını daha da artırır.

Mövzuya görə xəbərlər