Son dəqiqə

Cənubi Afrika Respublikası Mərakeş Afrika Sənayeləşmə İndeksi hesabatı

Mərakeş Afrikanın sənayeləşmə liderliyini necə ələ keçirdi?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Afrika İnkişaf Bankı tərəfindən yayımlanan yeni hesabatda Mərakeş ilk dəfə Afrikanın sənayeləşmə indeksində birinci yerə yüksəlib. Bununla da ölkə 2010-cu ildən etibarən lider mövqedə olan Cənubi Afrika Respublikasını geridə qoyub.

Bankın 2025-ci il üzrə “Afrika Sənayeləşmə İndeksi” hesabatına əsasən, Mərakeş 0,8415 bal toplayaraq 0,8396 bal əldə edən Cənubi Afrika Respublikasını cüzi fərqlə qabaqlayıb. Hesabatda qeyd olunur ki, bu nəticə davamlı sənaye modernləşdirilməsi, ixracın şaxələndirilməsi və strateji sənaye siyasətinin effektiv icrası ilə bağlıdır.

Hesabatda vurğulanır ki, Cənubi Afrika Respublikası hələ də qitənin aparıcı sənaye iqtisadiyyatlarından biri hesab olunur. Lakin ölkədə uzunmüddətli dövrdə sənaye rəqabət qabiliyyətində tədrici zəifləmə müşahidə edilir. Belə ki, ölkənin göstəricisi 2010-cu ildəki 0,8819 baldan 2024-cü ildə 0,8396 bala qədər geriləyib.

İndeks sənayeləşməni üç əsas istiqamət üzrə qiymətləndirir. Bunlara sənaye performansı, investisiya, infrastruktur, təhsil və maliyyəyə çıxış kimi birbaşa amillər, həmçinin biznes mühiti, qanunun aliliyi, dövlət borcu və inflyasiya kimi dolayı faktorlar daxildir.

Ərəb ölkələri reytinqdə üstünlük təşkil edib

Misir 0,7827 balla Afrikada üçüncü yeri tutub. Ondan sonra 0,7760 balla Tunis qərarlaşıb. Əlcəzair isə 0,6661 bal toplayaraq altıncı olub. Beləliklə, Afrikanın ən güclü altı sənaye iqtisadiyyatı arasında dörd ərəb ölkəsi yer alıb.

Hesabatda Mərakeş, Cənubi Afrika Respublikası, Misir və Tunis “Afrikanın aparıcı sənaye dördlüyü” kimi xarakterizə olunur. Bildirilir ki, bu ölkələr qitənin digər iqtisadiyyatlarının əksəriyyəti ilə müqayisədə əhəmiyyətli üstünlüyə malikdir.

İlk onluqda həmçinin Mavriki, Əlcəzair, Esvatini, Seneqal, Namibiya və Kot-d’İvuar yer alıb.

Hesabata görə, 2024-cü ildə Şimali Afrika 0,6891 göstərici ilə qitənin ən sənayeləşmiş regionu olub. Onu 0,5850 balla Cənubi Afrika regionu izləyib. Daha sonra Mərkəzi Afrika, Qərbi Afrika və Şərqi Afrika regionları qərarlaşıb.

Şimali Afrikadakı əksər ölkələrin qitə üzrə orta göstəricidən yüksək nəticə göstərdiyi qeyd olunub. Yalnız Liviya və Mavritaniya orta və aşağı-orta sənayeləşmə kateqoriyalarında yer alıb.

Afrikada sənayeləşmə qeyri-bərabər inkişaf edir

Hesabatda vurğulanır ki, Mərakeşin yüksəlişinə və bir sıra ölkələrdə qeydə alınan irəliləyişlərə baxmayaraq, Afrika üzrə sənayeləşmə prosesi hələ də ləng və qeyri-bərabər şəkildə davam edir.

2010–2024-cü illər arasında qitədəki 54 ölkədən 41-i göstəricilərini yaxşılaşdırsa da, yalnız 24 ölkə reytinqdə mövqeyini yüksəldə bilib. Beş ölkənin isə sıralamadakı mövqeyi dəyişməyib.

Afrika üzrə orta sənayeləşmə göstəricisi 2010-cu ildəki 0,5134 baldan 2024-cü ildə 0,5445 bala yüksəlib. Bu isə 6 faiz artım deməkdir. Eyni dövrdə ölkələr üzrə orta göstəricidə 6,4 faiz artım qeydə alınıb.

Qitənin emal sənayesi üzrə əlavə dəyəri 2020-ci ildəki 285 milyard ABŞ dollarından 2025-ci ildə 351 milyard ABŞ dollarına yüksəlib. Buna baxmayaraq, Afrika hələ də qlobal istehsal həcminin 2 faizindən azını və dünya üzrə emal məhsulları ixracının cəmi 1,4 faizini təşkil edir.

Afrikada adambaşına düşən emal sənayesi əlavə dəyəri 2025-ci ildə 226,7 ABŞ dollarına çatıb. Lakin bu göstərici 2014-cü ildə qeydə alınmış 254,9 ABŞ dolları səviyyəsindən aşağı olaraq qalır.

Regional inteqrasiya zəif olaraq qalır

Hesabatda Afrikada zəif sənaye artımının əsas səbəblərindən biri kimi parçalanmış bazarlar və məhdud regional inteqrasiya göstərilib.

2022–2024-cü illər ərzində qitədaxili ticarət Afrikanın ümumi ticarət dövriyyəsinin cəmi 14,4 faizini təşkil edib. Müqayisə üçün bu göstərici Asiyada 60 faiz, Avropada isə 57 faiz səviyyəsində olub.

Afrika İnkişaf Bankının qiymətləndirməsinə görə, problem yalnız gömrük rüsumları ilə bağlı deyil. Qeyri-tarif maneələri, zəif infrastruktur, texniki və normativ standartlardakı fərqlər, eləcə də regional dəyər zəncirlərinin kifayət qədər inkişaf etməməsi Afrika şirkətlərinin sərhədlərarası istehsal imkanlarını məhdudlaşdırır.

Hesabatda qeyd olunur ki, Afrika Qitə Azad Ticarət Zonası layihəsinin effektiv icrası regional sənayeləşmənin əsas hərəkətverici qüvvəsinə çevrilə bilər. Bunun üçün qitənin “ticarət üçün inteqrasiya” modelindən “istehsal üçün inteqrasiya” modelinə keçməsi vacib sayılır.

Afrika İnkişaf Bankı hesab edir ki, layihənin uğurlu icrası 2035-ci ilə qədər Afrika ölkələrinin gəlirlərini təxminən 7 faiz artıra və əlavə olaraq 450 milyard ABŞ dollarına qədər iqtisadi dəyər yarada bilər.

Eyni zamanda, 2045-ci ilə qədər qitədaxili ticarətin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə 60 faiz, istehsal sektorunda 48 faiz, xidmət sahəsində isə 34 faiz artacağı proqnozlaşdırılır.

Mövzuya görə xəbərlər