BAKI,TurkicWorld
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
TurkicWorld xəbər verir ki, Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri bir araya gəliblər.
Konfransda çıxış edən Sahibə Qafarova bildirib ki, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, davam edən münaqişələr, iqtisadi bərabərsizlik və iqlim dəyişikliyi fonunda parlamentlərin qlobal qərarların qəbulunda rolu daha da artır. Onun sözlərinə görə, parlamentlər vətəndaşların səsini beynəlxalq müstəviyə çatdıran və siyasi öhdəliklərin qanunvericilikdə əksini tapmasına töhfə verən mühüm institutlardır.
Milli Məclisin sədri qeyd edib ki, o, tədbirdə həm Azərbaycan parlamentini, həm də sədri olduğu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini təmsil edir. Sahibə Qafarova vurğulayıb ki, 70-dən çox ölkənin parlamentini birləşdirən bu şəbəkə parlamentlərarası əməkdaşlığın inkişafında mühüm beynəlxalq platformaya çevrilib.
Spiker çıxışında parlament diplomatiyasının və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini önə çəkərək, Pan-Afrika Parlamentinin Afrikanın birliyi, inkişafı və beynəlxalq nüfuzunun gücləndirilməsində mühüm rol oynadığını bildirib. O əlavə edib ki, Azərbaycan Afrika ölkələri ilə münasibətlərə xüsusi önəm verir və bərabərlik, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlığı dəstəkləyir.
Sahibə Qafarova həmçinin Parlamentlərarası İttifaq ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, belə əməkdaşlıq Afrikanın prioritetlərinin qlobal parlament gündəliyində daha geniş təmsil olunmasına imkan yaradacaq.
Çıxışının sonunda Milli Məclisin sədri Pan-Afrika Parlamenti və Afrika ölkələrinin parlamentləri ilə həmrəy olduğunu ifadə edərək, qitənin beynəlxalq münasibətlər sistemində daha güclü mövqeyə malik olmasının vacibliyini vurğulayıb.







