Son dəqiqə

Sahibə Qafarova

Sahibə Qafarova MDB PA-nın plenar iclasında çıxış edib

Bakı,TurkicWorld

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının (PA) 61-ci plenar iclasında Azərbaycan parlamentinin qurum çərçivəsində əməkdaşlığın genişləndirilməsinə və çoxtərəfli qarşılıqlı fəaliyyətin inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sahibə Qafarova noyabrın 20-də Türkmənistanda keçirilən iclasda çıxış edib. O, əvvəlcə Türkmənistan Məclisini MDB Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması münasibətilə təbrik edib.

Spiker Assambleyanı açıq dialoq platforması kimi səciyyələndirərək, burada qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi, dövlətlərin milli prioritetlərinin nəzərə alınması və razılaşdırılmış yanaşmaların tapılmasının mümkünlüyünü qeyd edib.

Sahibə Qafarova bildirib ki, Azərbaycan Milli Məclisi MDB PA çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir, parlament əlaqələrinin genişləndirilməsinə və ölkələr arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin inkişafına xidmət edən təşəbbüsləri dəstəkləyir.

Çıxışında humanitar əməkdaşlığın da mühüm istiqamətlərdən biri olduğunu vurğulayan spiker Azərbaycanın MDB məkanında xalqlar arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinin qorunmasına töhfə verən mədəni-humanitar mübadilələrin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

O, MDB çərçivəsində Azərbaycanda keçirilən tədbirlərə də toxunub. Qeyd edib ki, 2025-ci ilin iyununda Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Laçın şəhərində MDB Mədəniyyət Paytaxtı ilinin təntənəli açılışı çərçivəsində genişmiqyaslı tədbirlər təşkil olunub. Həmin ilin sentyabr-oktyabr aylarında isə Azərbaycanın yeddi şəhərində 13 ölkədən 1600-dən çox idmançının iştirakı ilə III MDB Oyunları keçirilib.

Sahibə Qafarova MDB PA çərçivəsində həyata keçirilən "MDB uşaqları" və "Yaddaş qatarı" humanitar layihələrini də xatırladıb. Onun sözlərinə görə, bu təşəbbüslər gənc nəslə xalqların tarixi və mədəni irsini daha yaxından tanımaq, yeni dostluq əlaqələri qurmaq imkanı yaradır.

Spiker seçkilərin müşahidəsi və parlamentarizmin inkişafını Assambleya çərçivəsində əməkdaşlığın mühüm istiqamətləri kimi qeyd edib. Bildirib ki, Azərbaycan nümayəndələri MDB PA-nın monitorinq fəaliyyətində mütəmadi iştirak edirlər.

O, cari ilin ikinci yarısında Milli Məclisin deputatlarının Qazaxıstan Respublikası Qurultayının birinci çağırış deputatlarının və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının doqquzuncu çağırış deputatlarının seçkiləri üzrə müşahidə missiyalarında fəal iştirak etdiklərini diqqətə çatdırıb.

Sahibə Qafarova, həmçinin MDB PA-nın iştirakçısı olan dövlətlərdə demokratiyanın və parlamentarizmin inkişafının, vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının fəaliyyətindən danışıb, onun gördüyü işlərin və təşkil etdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri çıxışının sonunda Assambleya çərçivəsində formalaşmış konstruktiv əməkdaşlıq ənənələrinin və toplanmış təcrübənin gələcəkdə də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə, dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Mövzuya görə xəbərlər