Son dəqiqə

Dünya çempionatı futbol Canni İnfantino Cənubi Afrika Respublikası Ceyden Adams Mamelodi Sandaunz Afrika Çempionlar Liqası

Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

2026-cı il dünya çempionatında Cənubi Afrika millisinin heyətində çıxış etmiş yarımmüdafiəçi Ceyden Adams 25 yaşında vəfat edib. Bu barədə ölkənin İdman Nazirliyi məlumat yayıb.

TurkicWorld xəbər verir ki, futbolçunun ölüm səbəbi açıqlanmayıb. Ceyden Adams dünya çempionatının A qrupunda Meksika və Çexiya ilə keçirilən oyunlara start heyətində çıxıb, Cənubi Koreya üzərində 1:0 hesablı qələbə ilə başa çatan görüşdə isə sonradan meydana daxil olub. Həmin qələbə Cənubi Afrika millisinə tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlmək imkanı qazandırıb. Komanda növbəti mərhələdə Kanadaya məğlub olaraq mübarizəni dayandırıb.

Çexiya ilə qarşılaşmadan bir gün əvvəl futbolçunun nənəsi vəfat edib. Adams həmin görüşdə ilk hissədən sonra əvəzlənib.

Ceyden Adams Cənubi Afrikanın "Mamelodi Sandaunz" klubunun formasını geyinirdi. O, 2025–2026 mövsümündə komandasının Afrika Çempionlar Liqasının qalibi olmasına mühüm töhfə verib.

Cənubi Afrika Futbolçular Birliyi yaydığı bəyanatda ölkə futbolunun istedadlı oyunçu, oyuna sədaqətlə xidmət edən idmançı və gələcəyi parlaq olan gənc bir insanı itirdiyini bildirib.

Cənubi Afrikanın idman naziri Qeyton Makkenzi də futbolçunun ailəsinə, komanda yoldaşlarına və azarkeşlərə başsağlığı verib. Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino da sosial şəbəkədə paylaşım edərək Adamsın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyib.

Ceyden Adams peşəkar futbol karyerasına "Stellenboş" klubunun futbol akademiyasında başlayıb və 2025-ci ilin yanvarında "Mamelodi Sandaunz"a transfer olunub. O, Cənubi Afrika millisində 13 oyun keçirib, 2026-cı il dünya çempionatının seçmə mərhələsində iki qol vurub.

Mövzuya görə xəbərlər