BAKI,TurkicWorld,Yusif Şərifzadə
Beynəlxalq Qızıl Xaç Komitəsi Livanın cənubunda vəziyyətin mülki əhali üçün ciddi həddə çatdığı ilə bağlı xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, təşkilatın Livandakı nümayəndəliyinin rəhbəri Aqnes Dür bölgədə yaranmış humanitar vəziyyətin artıq “davamolunmaz” səviyyəyə yaxınlaşdığını bildirib.
Onun sözlərinə görə, davam edən hadisələr nəticəsində çox sayda insan həyatını itirib, minlərlə sakin isə qeyri-müəyyənlik və təhlükə şəraitində yaşayır.
Aqnes Dür qeyd edib ki, yaşayış evləri, səhiyyə müəssisələri, su şəbəkələri və əsas infrastruktur obyektlərinin zərər görməsi və ya tamamilə dağıdılması əhalinin gündəlik həyatına ciddi təsir göstərir.
“Ailələr evlərinə qayıdıb-qayıda bilməyəcəklərini, qayıtdıqları halda isə onları nə gözlədiyini düşünürlər”, – deyə o bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsi Cənubi Livanda humanitar vəziyyətin daha kritik mərhələyə yaxınlaşdığı barədə xəbərdarlıq edərək mülki əhalinin ciddi risk altında olduğunu vurğulayıb.







