BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında davam edən danışıqlarla bağlı Ağ Evdən yeni açıqlama verilib.
TurkicWorld xəbər verir ki, Ağ Evin mətbuat katibinin köməkçisi Olivia Uels Fox News və digər media qurumlarına göndərdiyi elektron məktubda danışıqların “müsbət şəkildə irəlilədiyini” bildirib.
“Prezident Tramp dediyi kimi, danışıqlar yaxşı gedir və o, öz qırmızı xətlərini aydın şəkildə müəyyən edib”, – deyə açıqlamada qeyd olunub.
Məlumata görə, Ağ Ev ABŞ Prezidenti Donald Trampın yalnız ABŞ üçün faydalı hesab edilən razılaşmanı qəbul edəcəyini vurğulayıb.
Olivia Uels bildirib ki, mümkün razılaşmanın əsas şərtlərindən biri İranın gələcəkdə nüvə silahı əldə etməsinin qarşısının alınmasıdır.
Eyni zamanda Ağ Ev son günlər İran mediasında ABŞ–İran arasında guya memorandum layihəsi ilə bağlı yayılan məlumatları da rədd edib və həmin iddiaları “tam uydurma” adlandırıb.
Məlumata görə, Donald Tramp hazırda Vaşinqtonda kabinet iclasına başlamağa hazırlaşır və görüşdən sonra əlavə açıqlamaların verilməsi gözlənilir.







