BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın cənubunda yerləşən Sur şəhəri üzərində İsrailə məxsus qırıcı təyyarələrin göründüyü və bölgədə partlayış səsinin eşidildiyi barədə məlumat yayılıb.
TurkicWorld xəbər verir ki, yayılan məlumatlara əsasən, qırıcı təyyarələrin şəhər üzərindən uçaraq müəyyən hədəflərə zərbələr endirdiyi bildirilir.
Məlumata görə, hücumun əsas hədəfi Sur şəhərində yerləşən “Masaken” adlanan ərazi olub. Eyni zamanda son bir saat ərzində daha şərq istiqamətində də hava hücumlarının qeydə alındığı bildirilib.
Bununla yanaşı, bölgədə uzaq məsafədən artilleriya atəşlərinin davam etdiyi qeyd olunur. Atəşlərin dəqiq koordinatları barədə məlumat verilməsə də, Livanın şərq hissəsində və Nəbatiyyənin cənub istiqamətində hərbi aktivliyin artdığı bildirilir.
Yayılan məlumatlarda İsrail qüvvələrinin Litani çayı istiqamətində irəliləməyə çalışdığı qeyd olunsa da, tərəflərin döyüş meydanı ilə bağlı iddiaları müstəqil şəkildə təsdiqlənməyib.
Məlumatlarda həmçinin son 48 saat ərzində İsrail ordusunun Livandakı əməliyyatlarını genişləndirdiyi və bununla bağlı açıqlamalar verdiyi vurğulanır.







