BAKI,TurkicWorld, Nailə Babazadə
Səudiyyə Ərəbistanı son 48 saat ərzində regional gərginliyi azaltmaq və mövqeləri koordinasiya etmək məqsədilə diplomatik fəaliyyətlərini genişləndirib.
TurkicWorld xəbər verir ki, Səudiyyə Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan İslamabadda ABŞ və İran arasında keçirilən danışıqlardan sonra bir sıra intensiv siyasi məsləhətləşmələr aparıb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi indiyədək ictimaiyyətə açıqlanan doqquz diplomatik təmasın baş tutduğunu bildirib. Proses bazar ertəsi nazirin pakistanlı həmkarı İshaq Dar ilə apardığı telefon danışığı ilə başlayıb. Tərəflər Pakistanın vasitəçilik səylərini dəstəklədiklərini və bölgədə onilliklərdir davam edən qeyri-sabitliyi aradan qaldıracaq qalıcı razılaşmanın vacibliyini vurğulayıblar.
Şahzadə Feysəl həmçinin İranın Xarici İşlər naziri Abbas Əraqçi və Cənubi Koreya prezidentinin xüsusi elçisi ilə regional təhlükəsizliyin qlobal iqtisadiyyata təsirlərini müzakirə edib. Bununla yanaşı İordaniya, Misir, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə də intensiv danışıqlar aparılıb. Digər tərəfdən Səudiyyə Ərəbistanı İraq ərazisindən krallığa və digər Körfəz ölkələrinə pilotsuz uçuş aparatları ilə edilən hücumlar səbəbindən İraqın səfiri Safia Taleb əl-Süheyli nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. Rəsmi Ər-Riyad bu hücumları pisləyərək İraqı məsuliyyətli davranmağa və suverenliyin pozulması cəhdlərinin qarşısını almağa çağırıb.







