BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə qarşı çıxan nüfuzlu mühafizəkar şərhçiləri və media fəallarını hədəf alaraq, onları sərt ifadələrlə ittiham edib.
TurkicWorld xəbər verir ki, Tramp özünə məxsus “Truth Social” platformasında paylaşım edərək, Taker Karlson, Meqan Kelli, Kendis Ouens və Aleks Cons kimi tanınmış simaların İrana qarşı müharibəyə etiraz etmələrini "aşağı intellekt göstəricisi" kimi qiymətləndirib. O, terroru dəstəkləyən bir dövlətin nüvə silahına sahib olmasına göz yummağın "axmaqlıq" olduğunu bildirib və bu şəxslərin televiziya kanallarından qovulduqlarını, artıq heç kim tərəfindən ciddiyə alınmadıqlarını iddia edib.
Müxalif mövqedə dayanan bu dörd mühafizəkar sima İrana qarşı müharibənin Trampın "Öncə Amerika" (America First) şüarına zidd olduğunu müdafiə edirlər. Onlar həmçinin ABŞ liderini İsrailin təzyiqləri altında hərbi əməliyyatlara başlamaqda ittiham edirlər. Bu fikir ayrılığı respublikaçı elektorat arasında da parçalanmanı üzə çıxarıb; son sorğulara görə, Tramp tərəfdarlarının 22%-i İranla müharibəyə qarşı çıxsa da, 71%-i bu addımı dəstəkləyir.
Trampın xüsusilə Kendis Ouensə qarşı hücumu isə Fransa ilə bağlı qalmaqala söykənir. O, Ouensi Fransanın birinci xanımı Brijit Makron haqqında dezinformasiya yaymaqda ittiham edərək, xanım Makronun ABŞ məhkəməsində açdığı təhqir davasında böyük məbləğdə təzminat qazanacağına ümid etdiyini bildirib. Buna cavab olaraq Ouens Trampı "divanə soyqırım tərəfdarı" adlandırıb və onun "qocalar evinə" yerləşdirilməsini təklif edib.







