BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrail Parlamentinin "əsirlərin edam edilməsi" haqqında yeni qanunu qəbul etməsindən sonra İsrail tərəfindən saxlanılan fələstinli həkim Hüsam Əbu Səfiyyənin ailəsi onun həyatı üçün ciddi narahatlıq keçirir.
TurkicWorld xəbər verir ki, 2024-cü ilin dekabrından bəri həbsdə olan və Kamal Advan xəstəxanasının direktoru vəzifəsində çalışan həkimin səhhətinin kəskin pisləşdiyi bildirilir. Qardaşı Məhəmməd Əbu Səfiyyənin "Əl-Cəzirə" kanalına verdiyi məlumata görə, həkim davamlı işgəncələrə məruz qalıb, qabırğasında dörd sınıq var və qeyri-insani rəftar nəticəsində 40 kiloqram çəki itirib. Ailə İsrail hakimiyyətinin yeni qanundan istifadə edərək doktor Hüsamı edam edə biləcəyindən narahatdır.
İsrail tərəfi doktor Əbu Səfiyyəni "qeyri-qanuni döyüşçü" kimi təsnif etsə də, ailəsi onun xidmət başında, tibbi geyimdə və xəstəxanadan aparıldığını vurğulayır. Hüsam Əbu Səfiyyə Qəzzada səhiyyə sisteminin çökməsinə baxmayaraq, xəstəxananı tərk etməkdən imtina etmiş, xəstəxanadaki fəaliyyətinə görə həbs olunmuşdu. Oğlu İbrahim isə İsrailin bombardmanları zamanı həlak olmuşdu.
Xatırladaq ki, keçən ayın sonunda İsrail Knesseti fələstinli əsirlərə qarşı ölüm hökmünün tətbiqini nəzərdə tutan qanunu 62 səslə qəbul edib. Qanunun ən çox tənqid olunan cəhəti onun yalnız fələstinlilərə şamil edilməsi və israillilərin bu cəzadan azad olmasıdır.

