BAKI, TurkicWorld, Orxan Qədirzadə
Pakistan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid maliyyə depozitlərinin qaytarılması ətrafındakı iddiaları "əsassız və çaşdırıcı" adlandıraraq rədd edib.
TurkicWorld xəbər verir ki, şənbə günü Pakistanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bildirilir ki, bu öhdəliklərin yerinə yetirilməsi adi maliyyə tənzimləmələrinin bir hissəsidir. Bu açıqlama, İslamabadın ayın sonuna qədər Əbu-Dabiyə 3,5 milyard dollar qaytarmağı planlaşdırdığı barədə yayılan xəbərlərdən sonra verilib.
Sözügedən vəsaitlər 2019-cu ildə Pakistanın tədiyyə balansını sabitləşdirmək məqsədilə BƏƏ tərəfindən ayrılmış maliyyə dəstəyinin tərkib hissəsidir. Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunur ki, depozitlər BƏƏ-nin Pakistanın iqtisadi sabitliyinə verdiyi davamlı dəstəyi əks etdirən ikitərəfli kommersiya sazişləri əsasında yerləşdirilib.
Məlumata görə, Pakistan Dövlət Bankı vasitəsilə həyata keçirilən geri ödəmə prosesi depozitlərin vaxtı dolduqdan sonra əvvəlcədən razılaşdırılmış şərtlərə uyğun olaraq icra edilir. "Bu, rutin maliyyə əməliyyatıdır və onu başqa cür təqdim etmək cəhdləri yanlışdır", - deyə bəyanatda vurğulanıb. Nazirlik həmçinin Pakistan və BƏƏ arasındakı münasibətlərin etimada söykəndiyini, ticarət, investisiya, müdafiə və xalqlararası əlaqələr sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.






